Bakıda “StartUp günləri” keçirilir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Bakıda “StartUP Azərbaycan” layihəsi çərçivəsində “StartUp günləri” başlanmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Yüksək Texnologiyalar Parkı”nın dəstəyi və “Bakcell” şirkətinin baş sponsorluğu ilə təşkil olunmuşdur.
Açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, “StartUp Azərbaycan” layihəsinin əsas məqsədi ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiya mühitinin yaxşılaşdırılmasına, ən yaxşı internet və informasiya texnologiyaları layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda internet-biznesin inkişaf perspektivlərindən söhbət açmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə innovasiya müəssisələrinin inkişafı üçün əsas şərt olan sərmayə yatırımı mövcuddur. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və texnoparklar da daxil olmaqla müxtəlif fondlar yaradılmışdır. Yeni fəaliyyətə başlayan şirkətlər üçün vergi və gömrük güzəştləri nəzərdə tutulmuşdur. Bununla yanaşı, bizneslə məşğul olan gənc sahibkarlara innovasiya xarakterli layihələrin həyata keçirməsində imkanlar yaradılmalıdır. Yeni şirkətlərin inkişafı üçün startUp fəaliyyətinə böyük ehtiyac vardır.
Konfransda ölkədə startUp infrastrukturun formalaşması sahəsində mövcud vəziyyət, onun stimullaşdırılması və investisiya imkanları barədə məlumat verilmişdir. Eyni zamanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı”nın bu istiqamətdə göstərəcəyi dəstək ətrafında müzakirələr aparılmışdır.
Noyabrın 9-dək davam edəcək “StartUp günləri” çərçivəsində təlimlərin keçirilməsi, layihə rəhbərləri ilə görüşlərin təşkili, yeni layihələrin hazırlanması və “StartUP Məktəbi”nin yaradılması nəzərdə tutulmuşdur.
Tədbirdə təqdim olunan startUp layihələri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qaliblərə qiymətli hədiyyələr, diplomlar və sertifikatlar təqdim olunacaqdır.