BAKIDA TAEKVONDO ÜZRƏ AVROPA OLİMPİYA LİSENZİYA TURNİRİ BAŞA ÇATDI
Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Taekvondo Federasiyasının təşkil etdiyi turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı iştirak etmişdir. Qitənin ən güclü komandalarından biri hesab olunan Azərbaycanın seçmə komandasını turnirdə 2001-ci ilin dünya çempionu Niyaməddin Paşayev (68 kq), habelə Aygün Əliyeva (49 kq), Aynur Məmmədova (57 kq) təmsil etmişlər.
Qadınlar arasında 49 kq çəki dərəcəsində çıxış edən Aygün Əliyeva elə ilk görüşdə rəqibinə təəssüf ki, məğlub olmuş və mübarizəni dayandırmışdır. Bu çəki dərəcəsində Brigida Yaqe (İspaniya) birinci, Maya Arussi (İsrail) ikinci, Nevena Lukiç (Avstriya) isə üçüncü yerləri tutmuşlar.
57 kq çəki dərəcəsində görüşlərin yekunlarına görə yerlər belə bölüşdürülmüşdür: Birinci yer – Sandra Sariç (Xorvatiya), ikinci yer- Sara Beynbric (Böyük Britaniya), üçüncü yer – Şarmye Sobers (Niderland).
Kişilər arasında 80 kq çəki dərəcəsində yarışların nəticələrinə görə ilk üç yerə, müvafiq olaraq, Bəhri Tanrıqulu (Türkiyə), Qreiq Braun (Böyük Britaniya), Ziçs Oude Luttixuis (Niderland) layiq görülmüşlər.
80 kiloqramdan yuxarı çəki dərəcəsində Paskal Gentil (Fransa) birinci, Con Qarsiya (İspaniya) ikinci, Timu Xeyno (Finlandiya) isə üçüncü olmuşlar.
Kişilər arasında 58 kq çəki dərəcəsində nəticələr belədir: Seyfulla Məhəmmədov (Rusiya) – birinci, Raul Qrin (İngiltərə) – ikinci, Aleksandr Şapoşnik (Ukrayna) – üçüncü.
Qadınlar arasında 67 kiloqramdan yuxarı çəki dərəcəsində Nataşa Vezmar (Xorvatiya) birinci, Sarax Stivenson (İngiltərə) ikinci, Rase Laurense (Belçika) isə üçüncü yerləri tutmuşlar.
68 kq çəki dərəcəsində ölkəmizi 2001-ci ilin dünya çempionu Niyaməddin Paşayev təmsil etmişdir. İdmançımız ilk iki rəqibini nokautla məğlub etmişdir. Sonra o, daha iki görüşdə qalib gəlmiş, finalda isə onun açıq üstünlüyünə görə, rəqibi görüşü dayandırmışdır. Bu çəki dərəcəsində ikinci yerə Tuncay Çalışqan (Avstriya), üçüncü yerə isə Jesper Rousen (Danimarka) çıxmışlar.
İlk üç yeri tutmuş idmançıların hamısı Olimpiya oyunlarına vəsiqə qazanmışdır.
Sonra idmançılara medallar, turnirin hakimlərinə isə xatirə nişanları verilmişdir.
Medalları Fransanın və İsrailin Azərbaycandakı səfirləri Şantal Puare və Eytan Naye təqdim etmişlər.