Bakıda “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşəbbüsü ilə şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstandan olan mütəxəssislər də iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli bu sahədə konfransın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib. O, həmçinin deyib: “Şüa diaqnostikası müasir dövrdə tibbin bütün sahələrində aparıcı rol oynayır. Son illər ölkəmizdə tibbin bütün sahələrində olduğu kimi şüa diaqnostikası da inkişaf edir. Paytaxtda və regionlarda çoxsaylı diaqnostika mərkəzləri açılıb, müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi dəstəyin bariz nümunəsidir”. Rektor dinləniləcək mövzuların və aparılacaq müzakirələrin bu sahənin inkişafına töhfə verəcəyinə inandığını bildirib və konfransın işinə uğur arzulayıb. Konfransın qonaqları şüa diaqnostikası sahəsində yeniliklərin müzakirəsinin onun inkişafında mühüm rol oynayacağını deyib və tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.
Universitetin şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri dosent Məlahət Sultanova tədbir iştirakçılarına Azərbaycanda radiologiyanın inkişaf tarixi barəsində məlumat verib. Qeyd olunub ki, uzun illər ərzində şüa diaqnostikası yalnız klassik rentgen müayinə üsulları ilə sərhədlənirdisə, hazırda ultrasəs müayinəsi, kompüter, maqnit-rezonans, pozitron-emission tomoqrafiyaları kliniki praktikada aparıcı rol oynayır. Bu müayinə üsullarının diaqnostik imkanları ilbəil artır, tədqiq olunan patoloji proseslərin spektrləri genişlənir, xəstəlik haqqında alınan informasiyaların həcmi və keyfiyyəti yüksəlir.
Konfransda “Bağırsaqların iltihabi xəstəliklərinin radioloji diaqnostikası”, “Radioloji görüntülərin artırılmış reallıq eynəklərlə interoperasion istifadəsi”, “Süd vəzi xərçənginin diaqnostikasında innovativ texnologiyaların rolu”, “Renovaskulyar xəstəliklərin invaziv radioloji müalicəsi” və digər mövzularda məruzələr dinlənilir və müzakirələr aparılır.
Qeyd edək ki, konfransın işinə martın 31-də yekun vurulacaq. Tədbirin ikinci günündə gənc tədqiqatçılar və rezidentlər üçün radioloji kurslar da təşkil olunacaq.