BAKIDA TİKİLƏCƏK ZİBİLYANDIRMA ZAVODU LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 30-da Nazirlər Kabinetində Bakıda Fransanın “CNIM” şirkəti tərəfindən tikiləcək ilk zibilyandırma zavodu layihəsinin təqdimatı olmuşdur.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov mərasimdə çıxış edərək bildirmişdir ki, zavodun tikintisi dövlətimizin başçısı İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda nəzərdə tutulmuşdur. Layihəni icra edən İqtisadi İnkişaf Nazirliyi zavodun tikintisi üçün müvafiq müsabiqə elan etmişdir. Müsabiqədə bərk məişət tullantılarının utilləşdirilməsi üçün avadanlıq istehsalı sahəsində dünyada lider sayılan Fransanın “CNIM” şirkəti qalib gəlmişdir. Şirkət Fransanın bir sıra şəhərlərində, habelə Moskva, Brüssel, Porto və digər şəhərlərdə 250-dən çox belə zavod tikmişdir. “CNLM”-in inşa etdiyi ən böyük zavod isə Parisdə yerləşir.
Yeni zavodun əhəmiyyətindən danışan iqtisadi inkişaf naziri Heydər Babayev, müəssisə işə düşəndən sonra Bakının ekoloji vəziyyətinin xeyli yaxşılaşacağını diqqətə çatdırmışdır.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov illik gücü 500 min ton olacaq zavodun xüsusiyyətlərindən danışmışdır. Zavodda ildə istehsal olunacaq 231 500 MBt/saat elektrik enejisinin 15 faizi müəssisənin öz tələbatını ödəyəcək, qalanı isə ölkənin elektrik enejisi şəbəkəsinə daxil olacaqdır.
Şirkətin beynəlxalq əməliyyatlar üzrə icraçı direktoru Andre Berte toplaşanları zavodun imkanları ilə tanış edərək bildirmişdir ki, smeta dəyəri 350 milyon avro olan müəssisə Balaxanı qəsəbəsində 10 hektarlıq ərazidə yerləşəcəkdir. Emaldan əldə olunan son məhsul - ildə 125 min ton şlamdan, Fransada olduğu kimi, yol tikintisində istifadə ediləcəkdir. Avropa İttifaqının ekoloji standartlarına cavab verəcək zavodun saytı da yaradılacaqdır. Burada müəssisənin fəaliyyətini monitorunq etmək mümkün olacaqdır. Torpağın mütəmadi tədqiq olunması da nəzərdə tutulmuşdur.
Sentyabrın 1-də başlanacaq və 4 ay davam edəcək geoloji tədqiqatlardan və müvafiq razılaşmadan sonra bu ilin dekabrında tikinti işlərinə start veriləcəkdir. İnşaat işləri 3 il davam edəcəkdir. Zavodun istismar müddəti daha 10 il müddətinə prolonqasiya imkanı ilə birlikdə 20 ildir.
Təqdimat iştirakçıları paytaxtımızda ekoloji vəziyyəti xeyli yaxşılaşdıracaq zavodla bağlı bir sıra təkliflərini bildirmişlər.
######
![]() |
![]() |

