CƏMİYYƏT
Bakıda Ümumdünya Diabet Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
![Bakıda Ümumdünya Diabet Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir](/files/2013/3/1200x630/14071451282330247397_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə BMT-nin Ümumdünya Diabet Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bütün dünyanı narahat edən şəkərli diabet xəstəliyinin getdikcə daha çox yayılmasının təəssüf doğurduğunu bildirmişdir.
N.Məhəməliyev demişdir ki, Azərbaycanda şəkərli diabetlə mübarizə dövlət səviyyəsində aparılır. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun və müvafiq proqramların qəbulu, həmin xəstəliklə bağlı hər il dövlət büdcəsindən vəsaitin ayrılması buna bariz nümunədir. Bildirilmişdir ki, diabetli xəstələrə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən daim qayğı göstərilir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek demişdir ki, hazırda dünyada 371 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının proqnozlarına görə, yaxın 20 ildə bu rəqəm 550 milyonu keçəcəkdir. Diqqətə çatdırılmışdır ki, şəkərli diabet əlilliyə səbəb olan xəstəliklərdən biridir. Buna görə də bu xəstəliklə mübarizəyə ciddi fikir verilməlidir.
Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova BMT-nin diabetlə bağlı 2006-cı ildə qəbul etdiyi qətnamə haqqında danışmışdır. O demişdir ki, qeyri-yoluxucu xəstəlik olmasında baxmayaraq, bu gün diabet dünyada artıq epidemiya kimi qəbul olunur. Lakin yoluxucu xəstəliklərlə müqayisədə diabetin ölüm təhlükəsi daha çoxdur.
M.Ömərova, həmçinin rəhbərlik etdiyi cəmiyyətin Azərbaycanda diabet xəstəliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açmışdır.
Digər çıxış edənlər də son illər şəkərli diabet xəstəliyi ilə mübarizə üçün dövlət səviyyəsində vacib tədbirlərin həyata keçirilməsinin müsbət nəticələrinin olduğunu bildirmişlər.
Sonra “dəyirmi masa” iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparmışlar.