Bakıda valideyn himayəsindən məhrum gənclərin pulsuz tibbi müayinəsi keçirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da “Yeni yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (İB) “AİDA” Tibb Mərkəzində valideyn himayəsindən məhrum gənclərin pulsuz müayinəsini təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni yol” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi “Sağlam həyata doğru” layihəsinin ilkin mərhələsidir. Müayinənin nəticələrinə görə müalicəyə ehtiyacı olan gənclər xəstəxanalara yerləşdiriləcəklər. İkinci mərhələdə layihə iştirakçıları üçün yoluxucu xəstəliklər və onlardan qorunma, şəxsi gigiyena və ilkin tibbi yardım haqqında maarifləndirici təlimlər keçiriləcəkdir. Üçüncü mərhələdə isə gənclər psixoloqların suallarını cavablandıracaqlar. Növbəti mərhələdə gənclər üçün üçgünlük düşərgə təşkil olunacaqdır. Düşərgədə iştirakçılar üçün intellektual oyunlar və əyləncəli proqramlar təşkil olunacaqdır. Sonda isə layihənin yekunları ilə bağlı “dəyirmi masa” keçiriləcəkdir. Layihə iştirakçılarına sertifikatlar veriləcək və ən fəal gənclər mükafatlandırılacaqlar.
Kampaniyada valideynlərini itirmiş 40 gənc pediatr, nevropatoloq, stomatoloq, oftalmoloq, otolarinqoloqun müayinəsi, qarın boşluğu və ümumi qan analizi yoxlamalarından keçmişlər. Aksiya iştirakçıları həkimlərdən məsləhət almışlar.
İctimai birliyin sədri Adil Abdullayev bildirmişdir ki, Azərbaycan Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas tərkib hissəsi, daim gündəmdə olan bir məsələdir. Dövlətimiz xüsusi qayğıya ehtiyacı olan gənclərin sağlamlıqlarının qorunması sahəsində çoxsaylı proqramlar həyata keçirir. Lakin bu gün bir sıra dövlət təlim-tərbiyə müəssisələrində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş gənclər var ki, onların problemləri ilə daha çox məşğul olmaq vacibdir. Bugünkü aksiyada bu kateqoriyadan olan gənclər pulsuz müayinə olunmaq imkanı qazandılar.
Valideyn himayəsindən məhrum gənclər müayinənin yüksək səviyyədə təşkilinə görə “Yeni yol” Gənclərin Maarifləndirilməsi İB-yə və “AİDA” Tibb Mərkəzinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
Müayinədən sonra onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.