Bakıda və Abşeron yarımadasında hava şəraiti tutqun olacaq
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dekabrın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlığa əsasən, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 1-3° şaxta, gündüz 5-9° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-4° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-10° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-10° isti, dağlarda gecə 0-2°, gündüz 3-5° isti olacağı gözlənilir.