Bakıda Xalq Artisti Məcnun Kərimə həsr olunmuş xatirə gecəsi keçirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri, Xalq Artisti, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Gecəni giriş sözü ilə açan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət Xadimi Alla Bayramova bildirmişdir ki, Məcnun müəllimin musiqi ilə əməkdaşlığı ötən əsrin 80-ci illərində başlanmışdır. Miniatür sənəti üzrə mahir usta olan Məcnun Kərim Azərbaycanın qədim musiqi alətlərini - rud, bərbət, çanq, Şirvan tamburu, santuru bərpa etmiş, daha sonra Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi nəzdində Qədim Musiqi Alətləri Ansamblının əsasını qoymuşdur. O, orkestrlə bərabər, orta əsrlərdə yaşayıb-yaratmış məşhur musiqiçilər və musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai və Səfiəddin Urməvi tərəfindən yaradılmış, 14-cü əsrə aid qədim əsərləri bərpa etmişdir. Ə.Marağaidən zəmanəmizə 34 təsnif gəlib çatmışdır. Ansambl bu təsniflərin üçünü ifa edir. S.Urməvidən dörd kiçik əsər qalıb, həmin əsərlər də ansamblın repertuarına daxildir.
M.Kərimin bərpa etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır. O, dörd dildə nəşr olunmuş “Azərbaycanın musiqi alətləri” kitabının da müəllifidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ildə akademik Yusif Məmmədəliyevin yubiley gecəsində ilk dəfə Qədim Musiqi Alətləri Ansamblının ifasını dinləmişdir. Ertəsi gün o, ansambla dövlət statusunun verilməsi barədə Sərəncam imzalamışdır.
Məcnun Kərimin musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş etdirilmişdir. O, beynəlxalq konfranslarda iştirak etmiş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” laboratoriyasına rəhbərlik etmiş, yeni fənnin - “alətşünaslığın” əsasını qoymuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Əməkdar İncəsənət Xadimi Zemfira Səfərova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullayeva və başqaları Məcnun Kərimin ölkənin musiqi mədəniyyətinin inkişafına töhfəsindən danışmış, xatirələrini bölüşmüşlər.
Bildirilmişdir ki, hər bir musiqi alətinin bərpasına bir neçə il vaxt sərf olunmuşdur. Məsələn, “nüsxə” adlı qədim musiqi alətinin bərpası 3 il sürmüşdür. Ustad həmin musiqi alətlərinin təsvir olunduğu bədii ədəbiyyatı, əlyazmaları, onların texniki parametrlərini öyrənmiş, lazımi ağac növü seçmək üçün rayonlara səfər etmişdir.
Məcnun Kərim həmişə fəxrlə deyirdi ki, heç bir xalqın bizim xalqımız qədər zəngin orta əsrlər mədəniyyəti yoxdur. Heç bir xalqın bu qədər yaxşı saxlanılmış, bərpa edilmiş və hazırda istifadə olunan orta əsrlərə aid musiqi aləti yoxdur.
Qədim Musiqi Alətləri Ansamblına onun banisi Məcnun Kərimin adını vermək təklif olunmuşdur.
Musiqi Mədəniyyəti Muzeyinin filialının direktoru Təranə Zeynalova ustadın həyat və yaradıcılığından danışmışdır. Onun çıxışı videomateriallarla müşayiət olunmuşdur.
Məcnun Kərim 1945-ci il sentyabrın 1-də anadan olmuşdur. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası) “Xalq musiqi alətləri” bölməsini bitirmişdir.
M.Kərim 1991-ci ildən Bakı Musiqi Akademiyası nəzdində “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur.
O, 1995-ci ildə “Azərbaycanın qədim simli musiqi alətləri” mövzusunda dissertasiya müdafiə etmişdir. 2006-cı ildə Azərbaycanın Əməkdar Artisti, 2011-ci ildə Xalq Artisti adına layiq görülmüşdür.
Məcnun Kərim 2013-cü ildə vəfat etmişdir.
Sonda konsert proqramı olmuşdur. Qədim Musiqi Alətləri Ansamblı öz repertuarından əsərlər ifa etmişdir.