Bakıda Xəzəryanı dövlətlərin liman rəhbərlərinin görüşü keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkilatçılığı ilə Xəzəryanı dövlətlərin liman rəhbərlərinin görüşü keçirilmişdir.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki gün davam edəcək tədbirin məqsədi Xəzəryanı dövlətlərin limanlarının fəaliyyətində səmərəliliyin və dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin daha da artırılması, bu istiqamətdə birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri ilə bağlı müzakirələr aparılmasıdır.
Görüş çərçivəsində Xəzəryanı dövlətlərin liman rəhbərləri Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Administrasiya rəisinin müavini Şahlar Məmmədov mərkəzin funksiyaları və gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların çatdırılması, Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin Milli Mərkəzin imkanları və Xəzəryanı dövlətlərin müvafiq strukturları ilə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.