Bakıda XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılacaqdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 31-dən noyabrın 2-dək Bakı Ekspo Mərkəzində ənənəvi XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (BİHE) təşkil olunacaqdır.
Sərginin təşkilatçısı “Iteca Caspian LLC” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, regionda yeganə tibb və səhiyyə sərgisi olan BIHE dövlət təşkilatlarının nümayəndələrini, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçılarını, terapevtlər və tibb sənayesi mütəxəssislərini bir araya gətirəcəkdir.
BIHE sərgisi ilə eyni gündə 8-ci Azərbaycan Beynəlxalq stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgiləri (“Beauty Azerbaijan 2013”) də keçiriləcəkdir. Sərgilər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
BIHE sərgisində ənənəvi olaraq tibbi məhsul və xidmətlər təqdim ediləcəkdir. Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edəcəklər. Çex Respublikası isə ilk dəfə olaraq bu ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə milli ekspozisiya ilə çıxış edəcəkdir. Sərgi çərçivəsində tibbi turizm mövzusunda seminar keçiriləcəkdir.
“Beauty Azerbaijan - 2013” sərgisində isə gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim ediləcəkdir.