Bakılı xəyalpərəst
Moskva, 1 mart, AZƏRTAC
Rusiyanın “Ridero” nəşriyyatında tanınmış moskvalı səyyah-jurnalist Konstantin İsaakovun “Odin” kitabı işıq üzü görüb. Müəllifin qeyd etdiyi kimi, bu sözdə vurğu birinci hecaya düşür.
-Belə olan halda, qəhrəmanınızın, yəqin ki, vikinqlərə, Skandinaviya eposlarına bağlılığı var? - deyə soruşduq.
-Heç də yox, - dedi. - Bu, sadəcə qəhrəmanın soyadıdır və o çağdaşımızdır. Hərçənd kitabda zəmanəmizə heç bir işarəyə, heç bir sosial kontekstə və klassik romana xas olan səciyyələrə rast gəlməzsiniz. Aleksey Odin daha çox öz fantaziyaları aləmində, arzularında və ümidlərində mövcuddur və bu məkanda hərəkət edir. Bəli, bu, ənənəvi roman deyil. Hətta bundan ötrü yeni janr yaratmaq lazım gəldi, ona romanyola adı verdim. Bu, epik romandan fərqli olaraq, lirik janrdadır.
Konstantin İsaakov sözünün ağasıdır: filoloji təhsili doğulduğu şəhərdə, Bakı Dövlət Universitetində alıb. 1981-ci ildən Moskvada yaşayan keçmiş bakılı dünyanın yarısını gəzib-dolaşaraq səyyah-jurnalist kimi çoxdan məşhurlaşıb. Cənublu ruhu və Bakı əhval-ruhiyyəsi “Odin”ində aşkar duyulur. Bu da təbiidir, axı Bakı həmişə xəyalpərəstlərin vətəni olub.
Kitab nə haqdadır? Məhəbbət və səyahətlər haqda. Bir də özünün və onun - yeganə və təkrarsız qadının axtarışı barədə. Müəllif deyir ki, başqa nə barədəsə yazmaq onun üçün maraqsızdır. “Odin” emosional, hissiyyatlı və erotika elementləri olan kitabdır. Konstantin İsaakov deyir: “Amma bu bayağı erotika deyil. Axı həyatımızın bu yönü haqqında incə və gözəl tərzdə yazmaq mümkündür və olar”.
Rusiyada “Odin” romanyolasının artıq iki təqdimatı keçirilib. Müəllifin ilk nəsr əsəri həm köhnə Moskva klubu “Çinli təyyarəçi Cao Da”da, həm də Mərkəzi Jurnalistlər Evində oxucuların “qarşısına çıxıb”.
Konstantin deyir:
-Kitabımın təqdimatını doğma şəhərimdə də keçirmək istəyirəm. Ümid edirəm ki, bu, boş xülya deyil. Doğrudur, baş qəhrəmanımın qarşılıqlı sevgi haqda fantaziyası, bu fikrimdən fərqli olaraq, əlçatmaz arzu olaraq qalır. Hazırda romanyolanın ikinci hissəsi üzərində işləyirəm. O, “Farfor Qrethen” adlanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva