Bakonyi Eremyu istilik elektrik stansiyasında nələr baş verir?
Budapeşt, 2 sentyabr, AZƏRTAC
Macarıstanın Ayka şəhərinin (Vesprem əyaləti) yaxınlığında yerləşən Bakonyi Eremyu istilik elektrik stansiyasında (Balaton gölünün təqribən 40 kilometrliyində) qazanların birinin filtri partlayıb.
AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə istilik elektrik stansiyasının administrasiyası məlumat verib.
Bundan əvvəl Macarıstan cəmiyyəti sosial şəbəkələrdə elektrik stansiyasının qərb hissəsindəki borudan bir neçə dəqiqə ərzində atmosferə külli miqdarda toz və dudanın tullandığını fəal müzakirə edib.
İES nümayəndələrinin sözlərinə görə, partlayış uzun müddət istifadə olunmayan avadanlığın sınaqdan keçirildiyi vaxt baş verib. Müəssisə hadisədə təqsirli olan şəxslərin adlarını açıqlamayıb.
25 il əvvəl özəlləşdirilmiş Bakonyi Eremyu İES-də istilik və elektrik enerjisi hasil edilir. 2018-ci ildə vəfat etmiş sahibkar Şandor Demyanın istifadəsində olan bu müəssisəni iki il əvvəl Fransanın “Veoliya” şirkəti alıb.
Sol mərkəzçi yönümlü “Nepsava” qəzetində dərc olunmuş yazıda deyilir ki, illik mədaxili 7-8 milyard forint olan Bakonyi Eremyu İES-in maliyyə durumu qeyri-sabitdir, onun göstəriciləri bir neçə milyon forint (1 avro 320 forintə bərabərdir) gəlirdən təqribən 1 milyard forint ziyan arasında dəyişir. Bundan əlavə, şirkətin nizamnamə kapitalı azalaraq, 16 milyard forintdən 1 milyard forintə düşüb.
Əvvəllər İES sırf kömürlə işləyib, lakin indi müəssisə daha çox “biokütlə”, yəni taxta kəpəyi və kənd təsərrüfatı tullantıları yandırır. Bəzi mənbələr bildirirlər ki, yandırılan kütləyə tullantılardan ibarət bərk yanacaq (SRF) qatılmasının nisbəti getdikcə artır. İES avadanlığının bir hissəsi tərkibində SRF-in çox olduğu yanacağın yandırılması üçün nəzərdə tutulmayıb. Nəticədə stansiya keyfiyyətli yanacaqla getdikcə daha az təmin olunur.
Vesprem Fövqəladə Hallar İdarəsi nəşrin sorğusuna cavab olaraq bildirib ki, baş verən hadisədən xəbərdardır. Lakin apardığı təhqiqat göstərib ki, ətraf mühitə hər hansı ziyan dəyməyib.
İdarənin açıqlaması Ayka sakinlərini sakitləşdirməyib, çünki belə hadisə ilk dəfə baş vermir. Sakinləri narazı salan budur ki, duda onların evlərinin və avtomobillərinin üzərinə çökür. Sakinləri kondisiya olunmayan yanacağın İES-də yandırılması faktının özü də hiddətləndirir. Belə ki, bu cür tullantıların kanserogen olması ehtimalı yüksəkdir. Bütövlükdə Aykanın ekoloji durumu suallar doğurur və bu mənzərəli şəhərdə daşınmaz əmlakın ucuzlaşmasına gətirib çıxara bilər. Hazırda Ayka ətrafında 45-66 min avroya yaxşı mülk almaq olar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt