“Baku Fires” boks komandasının heyəti açıqlanmışdır
Bakı, 7 noyabr (AZƏRTAC). Ümumdünya Boks Seriyası (WSB) Liqasında yeni mövsümə hazırlaşan “Baku Fires” komandasının heyəti açıqlanmışdır.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, bu dəfə liqada boksçular 10 çəki dərəcəsi üzrə mübarizə aparacaqlarından komandaya 36 idmançı cəlb olunmuşdur. Ötən mövsüm “Baku Fires”in şərəfini qoruyan dünya və Avropa çempionu Albert Səlimov yeni çempionatda da gücünü sınayacaqdır. Sadəcə bu dəfə A.Səlimov Azərbaycan idmançısı kimi qeydiyyatdan keçmişdir.
Mixail Veselov da WSB liqasında Azərbaycan boksçusu kimi döyüşəcək. İkiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, Avropa çempionatlarının medalçısı Elvin Məmişzadə kimi təcrübəli boksçularla yanaşı, gənclər Salman İbrahimov (64 kq), Nurlan Qasımlı (52 kq) da heyətə daxil edilmişlər.
Heyətdə daha bir diqqəti cəlb edən idmançı Rauf Ağayevdir. Peşəkar boks yarışlarında bir neçə döyüş keçirmiş R.Ağayevin WSB liqasında debütü maraqla gözlənilir. Qazaxıstanda keçirilən dünya çempionatının iştirakçısı Soltan Migitinov (75 kq) yenidən “Baku Fires”ə qayıtmışdır.
“Baku Fires” yeni mövsümdə ilk görüşünü noyabrın 15-də Almatıda “Astana Arlans”a qarşı keçirəcəkdir. Komandamız ikinci turda Quba Olimpiya Kompleksində “Mexico Guerreros”u qəbul edəcəkdir.
“Baku Fires”in heyətində Məgəmməd İbiyev, Xamza Nametov (hər ikisi 49 kq), Məhəmməd Abdulhəmidov, Elvin Məmişzadə, Rauf Ağayev, Nurlan Qasımlı, Murad Rabadanov (hamısı 52 kq), Orzubek Şaimov, Məhəmməd Qurbanov, Qairbek Qermaxanov, Giorgi Qoqatişvili (hamısı 56 kq), Xurşid Tocibayev, Məhəmmədrəşid Cəbrayılov, Albert Səlimov (hər üçü 60 kq), Məhəmmədəli Ukayev, Osman Əliyev, Salman İbrahimov (hər üçü 64 kq), Abdulcabbar Həsənov, Kamil Əhmədov, Məhəmməd Nuruddinov, Yevgeni Romaşkeviç (hamısı 69 kq), Jaba Xositaşvili, Soltan Migitinov, Xaybulla Musalov, Mixail Veselov (hamısı 75 kq), Batraz Qutsiyev, Samir Maqomedov, Ramazan Məhəmmədov, Mixail Dolqololevets (hamısı 81 kq), Denis Latipov, Vladimir Keleş, Abdulqadir Abdullayev (hər üçü 91 kq), Məhəmmədrəsul Məcidov, Hacı Murtuzəliyev, Üzeypat İsmayılov və Arslanbek Mahmudov (hamısı 91 kq-dan yuxarı) yer almışlar.