“Bakutel-2015” sərgi-konfransına dair tədbirlər planı təsdiqlənib
Bakı, 10 noyabr, AZƏRTAC
Dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının təşkili məqsədilə hazırlanan tədbirlər planı təsdiq edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya sahəsində əməkdaşlıq üzrə nazirlərin toplantısının, “Digital Single Market” mövzusunda konfransın, 3-cü Azərbaycan-Belarus İKT Forumunun, İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun iclasının, 2-ci Azərbaycan-İsrail İKT Forumunun və 3-cü “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2015) tədbirinin keçirilməsi öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi” və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Təkmilləşmiş dövlət xidmətlərinin çatdırılması üçün e-hökumətin təbliği” mövzusunda seminarın, həmçinin “Big data: imkanlar, multidisiplinar problemlər və perspektivlər” respublika elmi-praktiki konfransının təşkili planlaşdırılır.