“Bala Turkvizyon” ilk uşaq mahnı müsabiqəsinin qalibi azərbaycanlı ifaçılar olub
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanlı gənc ifaçılar 5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli İstanbulda keçirilən “Bala Turkvizyon” ilk uşaq mahnı müsabiqəsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, onlar “Uşaqlıq illəri” mahnısı ilə 115 xal toplayaraq qalib gəliblər. İkinci yeri 113 xalla Qazaxıstan, üçüncü yeri isə 112 xalla Gürcüstan iştirakçıları tutub.
“Bala Turkvizyon” yarışması türk ölkələri və türk mənşəli xalqların ortaq mədəniyyət nümunəsi olan “Turkvizyon” müsabiqəsinin 8-14 yaş qrupu üçün tərtib olunan versiyasıdır. “Türk Müzik Birliyi” Televiziyasının (TMB) təşkilatçılığı ilə reallaşan müsabiqədə 13 ölkənin - Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus, İran, Rumıniya, Makedoniya, Albaniya və Kosova türklərinin “Bala Turkvizyon” təmsilçiləri möhtəşəm ifa və səhnə performansları ilə heç də peşəkar müğənnilərdən geri qalmayıb.
Qeyd edək ki, Əhməd Əmirli və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının fəallarından olan Nuray Rəhman “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.