Balakəndə “Breyn-rinq” intellektual oyunu üzrə liqa yarışlarına start verilib
Balakən, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayon Gənclər evində yeniyetmələr arasında “Breyn-rinq” intellektual oyunu üzrə “Qış kuboku - Balakən” liqa yarışlarına start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda mübarizə aparır. Komandaların hər birinin tərkibinə 6 məktəbli daxil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.
Sektorun müdiri vəzifəsini müvəqqəti icra edən baş məsləhətçi Sarxan Hacıyev bildirib ki, liqa yarışının keçirilməsində əsas məqsəd yeniyetmələr arasında intellektual oyunlara marağın artırılması, iştirakçıların bilik səviyyəsinin və məntiqi təfəkkürünün inkişaf etdirilməsi, sağlam rəqabət və komanda ruhunun formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Liqa yarışları həftədə bir dəfə olmaqla, 8 həftə davam edəcək. Yarışın qalibləri kubok və diplomlarla mükafatlandırılacaqlar.