BALAKƏNDƏ DÖVLƏT PROQRAMI UĞURLA YERİNƏ YETİRİLİR
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbulundan keçən dövr ərzində rayonda 2.425-i daimi olmaqla, 7.850 yeni iş yeri yaradılmışdır. Təkcə 2008-ci ilin birinci yarısında rayonda 212 daimi iş yeri açılmış, habelə 668 nəfər müvəqqəti, 1.150 nəfər isə mövsümi işlərə cəlb edilmişdir. Dövlət Proqramının icrasına başlandığı vaxtdan indiyədək rayonda 97 hüquqi, 1.257 fiziki şəxs, o cümlədən cari ilin ilk 6 ayında 6 hüquqi və 170 fiziki şəxs yaradılaraq qeydiyyatdan keçmişdir.
Cari ilin birinci yarısında Balakən şəhərində yeni idman kompleksinin tikintisinə başlanılmış, 235 çarpayılıq yeni xəstəxana kompleksində, 12 mərtəbəli yaşayış binasında tikinti işləri davam etdirilmiş, “Balakən-Konserv” ASC-nin fəaliyyəti genişləndirilmiş, zavodda yeni texnoloji avadanlıq quraşdırılmış, rayonda “Azər Yem Sənaye” MMC- nin yem istehsalı zavodu fəaliyyətə başlamışdır. Bundan əlavə, birinci yarımillikdə Balakən şəhərinin mərkəzində 72 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağı ucaldılmış, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yenidənqurma, abadlıq və yaşllaşdırma işləri davam etdirilmiş, yeni avtovağzal binasında, “Ticarət mərkəzi”ndə aparılan tikinti işləri başa çatdırılmış, Şərif kəndi ərazisində, Mazımçayın üzərində 24 metr uzunluğunda yeni körpü istifadəyə verilmiş, 4 kənddə məktəb binalarının tikintisinə başlanılmışdır.