Balakənli kümçülərə təkrar yemləmə aparmaq üçün 86 qutu tut ipəkqurdu paylanılıb
Balakən, 23 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bir neçə gün əvvəl respublikamızın əsas baramaçılıq rayonlarında, o cümlədən Balakəndə sınaq məqsədilə ilk dəfə olaraq tut ipəkqurdlarının təkrar yemlənməsi prosesinə başlanılıb. Bu məqsədlə Balakən rayonunun kümçülərinə 86 qutu və ya 1634 qram ipəkqurdu paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, kümçülərə əvəzsiz olaraq paylanılan ipəkqurdları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunub. Ümumiyyətlə, bu il Balakən rayonu üzrə 36 kümçü ailəsi tut ipəkqurdunun təkrar yemlənməsi ilə məşğul olacaq. Məhsuldarlığın yüksək olması üçün kümçülərə hər kənd üzrə yalnız 2-3 qutu ipəkqurdu paylanılıb. Yaş barama tədarükünə sentyabrın axırlarında başlanılması nəzərdə tutulur. Nəticə yaxşı olarsa, növbəti illərdə də ipəkqurdlarının təkrar yemlənməsi həyata keçiriləcək.
Qeyd edək ki, builki mövsümdə barama yetişdirmək üçün balakənli kümçülərə 1150 qutu və ya 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb. Cari ildə rayonda 42 ton 3 kiloqram yaş barama istehsal olunub. Barama istehsalı əvvəlki illə müqayisədə 10,8 ton artıb.