BANKLARIN NİZAMNAMƏ KAPİTALI 17,7 FAİZ ARTMIŞDIR
Əhalidən əmanətlərin cəlb edilməsinə 41, xarici valyutada əməliyyatın aparılmasına 42, qiymətli metallarla əməliyyatların aparılmasına 1, təminatların və tapşırıqların verilməsinə 40, plastik kartlarla əməliyyat aparılmasına 27 bankın icazəsi vardır.
Altı ayda respublikada 43 bank, o cümlədən, xarici kapitalın iştirakı ilə 15 bank fəaliyyət göstərmişdir. Xarici kapital 4 bankın nizamnamə kapitalının 50 faizindən 100 faizinə qədərini, 10 bankın nizamnamə kapitalının isə 50 faizindən az hissəsini təşkil edir. Bir bank isə qeyri-rezident bankların filiallarıdır.
Fəaliyyət göstərən kredit təşkilatlarının filiallarının sayı isə 323-ə çatmışdır. Kredit təşkilatlarının xaricdə 1 filialı, 1 nümayəndəliyi, 1 törəmə bankı fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının isə həmin dövrdə 19 filialı fəaliyyətdə olub.İyul ayının 1-nə bankların nizamnamə kapitalının ümumi məbləği 811,5 milyard manat olmuşdur. 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,7 faız artmışdır.
Cari il iyulun 1-nə ümumi nizamnamə kapitalının 131,3 milyard manatı dövlət banklarının, 680,2 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 282,4 milyard manat olub ki, bu da ümumi nizamnamə fondunun 34,8 faizə bərabərdir. 100 faizli xarici kapitallı bankların nizamnamə kapitalı 89,8 milyard manat təşkil etmişdir. Bu da bank sistemi üzrə ümumi kapitalın 11,1 faizi deməkdir. İyulun 1-nə cəmi nizamnamə kapitalında xarici sərmayələrin payı 142,4 milyard manat olmuşdur ki, onun da xüsusi çəkisi 17,5 faizə bərabərdir. Orta hesabla 1 banka düşən nizamnamə fondu 2004-cü il mayın 1-nə 18,87 milyard manat təşkil etmişdir.