Baş Konfransda Azərbaycan ilə UNESCO arasında əməkdaşlıqdan bəhs olunmuşdur
Paris, 9 noyabr (AZƏRTAC). Noyabrın 8-də öz işini davam etdirən UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında digər məsələlərlə yanaşı bir çox ölkələrdə təhsilin vəziyyətinə dair çıxışlar olmuşdur.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizin təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində, eləcə də mədəniyyətlərarası dialoqun inkişafında UNESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmış, Azərbaycanın qurumun baş direktorunun təşəbbüsü ilə həyata keçirilən islahatları və UNESCO-nun prioritetlərini tam dəstəklədiyini bildirmişdir.
Nazir, UNESCO-nun 2015-ci ildən sonrakı dövrdə təhsil sahəsində liderlik mandatının möhkəmlənməsi istiqamətində təşəbbüsünü yüksək qiymətləndirmiş, qurumla əlaqələrin daha da inkişaf etdirilməsinin Azərbaycan dövlətinin xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulamış, ölkəmizlə təşkilat arasında əməkdaşlığın müxtəlif aspektlərini, o cümlədən “Hamı üçün təhsil”, “Qızlara təhsil”, “Maddi və qeyri-maddi mədəni irsin qorunması” və digər sahələri əks etdirən mühüm sənədin imzalandığını bəyan etmişdir.
“Maddi və qeyri-maddi mədəni irsin qorunması”nın Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mühüm prioritetlərdən olduğunu vurğulayan M.Cabbarov 2003-cü ildə qəbul olunan Konvensiyanın 10 illiyinin dekabrın əvvəllərində Bakıda keçiriləcək “Qeyri-maddi mədəni irsin qorunması”na dair Hökumətlərarası Komitənin 8-ci sessiyası çərçivəsində təntənəli şəkildə qeyd olunacağını bildirmişdir.
UNESCO ilə əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdıran təhsil nazir demişdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu maddi irsin qorunması, təhsil, elm, mədəniyyət və digər sahələrdə iri miqyaslı layihələr həyata keçirmişdir.
M. Cabbarov unikal ölkə olan Azərbaycanda uzun illər müxtəlif din və mədəniyyətlərin mövcud olduğunu, ölkəmizin Avropa və İslam institutlarında, beynəlxalq təşkilatlarda, sivilizasiya alyansının dostluq qruplarında fəal təmsil olunduğunu, ötən ilin mayında Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumunda UNESCO-nun baş direktoru xanım İrina Bokovanın iştirakının ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını, bir həftə əvvəl Bakıda keçirilən Üçüncü Beynəlxalq Humanitar Forumda dünyanın mədəniyyət və təhsil sahəsində tanınmış şəxsiyyətlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirak etdiyini diqqətə çatdırmışdır.
Cənubi Qafqaz bölgəsində stabilliyin, sülhün və təhlükəsizliyin bərqərar olmamasından təəssüf hissi keçirdiyini deyən nazir, Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində xalqımıza məxsus tarixi və mədəni abidələrin məhv edildiyini diqqətə çatdırmış, bu məsələdə beynəlxalq təşkilatları prinsipial mövqe tutmağa çağırmışdır.
Bildirilmişdir ki, dünyada baş verən münaqişələrdən və müharibələrdən yalnız insanlar əziyyət çəkmir, həm də mədəni və dini irslərə də ciddi zərər dəyir. Bizim ölkəmizdə bu problem daha ağırdır. Xalqın illər boyu yaratdığı abidələr məhv edilir və dağıdılır. UNESCO nüfuzlu bir təşkilat kimi mədəni irsin qorunması istiqamətində məqsədli və təsirli tədbirlər görə bilər.
Azərbaycan Respublikası təhsil nazirinin çıxışı maraqla qarşılanmışdır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris