Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib
Moskva, 19 avqust, AZƏRTAC
Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğunun avqustun 17-də yaydığı məlumata əsasən, istintaqla müəyyən olunub ki, Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 2026-cı il iyulun 14-də “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, həmin şəxslər 2026-cı il avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.