Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı təşkil olunub
Tbilisi, 17 iyun, AZƏRTAC
İyunun 17-də Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) ev sahibliyi etdiyi tədbir “Dezinformasiya Strategiyaları, Süni İntellekt və İnformasiya Etibarlılığının Təmin Edilməsində Sosial Şəbəkələrin Rolü” mövzusuna həsr olunub.
23 ölkədən seçki administrasiyalarının, seçki məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların və seçki texnologiyaları sahəsində çalışan şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi MSK sədrinin müavini Rövzət Qasımov və Katibliyin Ümumi şöbəsinin müdiri Elşən Əsgərov təmsil edirlər.
İki gün davam edəcək beynəlxalq konfransda dezinformasiyanın seçki proseslərinə təsiri, süni intellektin və sosial şəbəkələrin seçki proseslərində rolu, dezinformasiyaya qarşı mübarizədə informasiya və təhsilin əhəmiyyətinə dair məsələlər müzakirə olunacaq.