Bayıl yaşayış sahəsində abadlıq-quruculuq işləri davam edir
Bakı, 9 noyabr (AZƏRTAC). Son illər ərzində Səbail rayonunda aparılan iri miqyaslı quruculuq işləri çərçivəsində Bayıl yaşayış sahəsi də abadlaşdırma işləri görülmüş, sosial layihələr tədbirlər həyata keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Bayılda aparılan işlər çərçivəsində bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülmüşdür.
Bayıl yaşayış sahəsində kanalizasiya sistemi dəyişdirilmiş, yeni kanalizasiya şəbəkəsi və kollektoru çəkilmiş, bu istiqamətdə işlər davam etdirilir. İçməli su sistemi də yenidən qurulur, yeni su xətləri çəkilir.
Hazırda Bayıl dairəsi ətrafında yenidənqurma və abadlaşdırılma işləri davam etdirilir. İlk növbədə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 fərdi yaşayış evi, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülmüşdür. Ərazidəki bir sıra sənaye və özəl öbyektlərin köçürülməsi davam edir, bulvar üçün yeni struktur yaradılır, su oyunları stadion kompleksi tikilir.
Dairədə yerləşən 16 mərtəbəli yaşayış binası əsaslı təmir olunaraq fasadı və işıqlandırma sistemi dəyişdirilmişdir. Hazırda Qurban Abbasov küçəsinin Bayıl dairəsinə çıxan hissəsində yerləşən üç yaşayış binasında əsaslı təmir aparılır. Köhnə binaların bünövrəsində və divarlarında möhkəmləndirmə işləri aparılmış, fasad üzlənmiş, mənzillərin pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Həmçinin, Bibiheybət yolu 1 ünvandakı yaşayış kompleksində üzlənmə işləri aparılır.
Bayıl dairəsində yeni yol infrastrukturu yaradılmışdır. Q.Abbasov küçəsi ilə Yeni Bulvarı birləşdirən yeni, müasir tipli yeraltı keçid tikilmişdir.
Hazırda dairənin mərkəz hissəsində 20-ci sahə istiqamətində istirahət guşəsi yaradılır, yaşıllıqlar salınır.