Bayrağımız qürur mənbəyimizdir
Bakı, 8 noyabr (AZƏRTAC). Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” adlı teatrlaşdırılmış kütləvi mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı təhsil müəssisələri, Bakı qarnizonu hərbi hissələrinin şəxsi heyəti və ictimaiyyət nümayəndələrinin, müharibə veteranlarının iştirakı ilə təşkil olunan möhtəşəm tədbir Azərbaycan Respublikası dövlət bayrağının salona gətirilməsi və bütün iştirakçıların dövlət himnimizi ifa etməsi ilə başlamışdır.
Müdafiə Nazirliyi Tərbiyə İşləri İdarəsi mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi - idarə rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani dövrün, dövlətin, hadisələrin ən önəmli əlamətlərini özündə əks etdirən bayraqlar haqqında danışmış, bayraq müqəddəsliyindən, bayrağın yerdən qaldırılması üçün şirin canlarından keçənlərin bu bayrağın zərrələri olmasından söhbət açmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bayraq müqəddəsdir, bayraq xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, ərazilərimizin bölünməzliyinin rəmzidir” sözləri mərasimin leytmotivinə çevrilmişdir.
Görkəmli tarixçi-alim, akademik Vəli Əliyev hələ tunc dövründə Azərbaycanda bayraqların mövcudluğundan, arxeoloji və memarlıq abidələrimizdə bayraq təsvirlərinə rast gəlindiyindən bəhs etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının müstəqilliyini bərpa etmiş doğma Azərbaycanımızın yenidən dövlət bayrağı kimi qəbul edilməsində ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, bu gün də həmin bayrağın etibarlı əllərdə olmasından böyük qürur duyduğunu bildirmişdir.
Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında Azərbaycan bayrağına həsr olunmuş ədəbi-musiqili xoreoqrafik-kompozisiya mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Milli Azərbaycan Tarixi Muzeyi bayraqlar və silahlar fondunun müdiri, “Azərbaycan bayraqları” kataloqunun həmmüəllifi, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova muzeyin fondunda qorunub saxlanılan Azərbaycan bayraqlarının nümayiş etdirmiş və maraqlı məlumatlar vermişdir.
Mərasim iştirakçıları Bakı, Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayraqlarını görmək imkanı qazanmışlar.
İndi muzey eksponatına çevrilmiş Azərbaycan milli diviziyalarının bayraqları altında salona daxil olan yaşı 90-ı haqlamış Böyük Vətən müharibəsinin azərbaycanlı döyüşçülərini tamaşaçılar ayağa qalxaraq qarşılamışlar. Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş Bəkir Məmmədov böyük əminliklə bildirmişdir ki, onlar öz döyüş bayraqları altında faşizmə qarşı müharibədə qalib gəldikləri kimi, Milli Ordumuzun əsgərləri də üzərində “Azərbaycan uğrunda!” sözləri yazılmış döyüş bayraqları altında erməni faşizmi üzərində qələbə çalacaq, işğal altındakı torpaqlarımızı azad edərək şanlı döyüş tariximizə yeni zəfər səhifələri yazacaqlar.
Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, Xalq Artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahova çıxış etmiş və aktyorların ifasında illərdir ki, repertuarlarında əsas yer tutan, qardaş Türkiyə tamaşaçılarının da böyük rəğbətini qazanan “Türk Sancağı” (müəllif A.Qurbani) tamaşasından bir parça nümayiş olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq ulu öndərimiz Heydər Əliyevin Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının yenidən ucaltmasından bəhs edərək şahidi və iştirakçısı olduğu tarixi hadisələri yada salmışdır.
Şəhid Fərid Əhmədovun Cəlilabad rayonundan gəlmiş anası Nərgiz Almaz qızı bu salonda Milli Qəhrəman Mübariz İbrahimov və onun oğlu ilə vida mərasimində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışını xatırlamış və yeganə oğlunun şəhid tabutu üzərinə sərilmiş, bu gün ən əziz xatirə kimi saxladığı həmin bayrağı mərasim iştirakçılarına göstərərək şəhidlərimizin intiqamının tezliklə alınacağına əminliyini bildirmişdir.
Azərbaycanın dövlət bayrağını mötəbər idman yarışlarında dəfələrlə ucaltmış Olimpiya çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Zemfira Meftihəddinova, Fərid Mansurov himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırılanda necə qürur hissi keçirdiklərini bir daha xatırlamışlar.
Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, ədəbiyyat üzrə fəlsəfə doktoru, şair Ənvər Əhməd bayraq haqqında yeni şeirlərini oxumuş, Xalq Artisti Zaur Rzayev, Əməkdar Artist Fidan Hacıyeva, müğənnilərdən Sevinc Sarıyeva, Ramil Qasımov, Ağababa Abdullayev öz mahnıları ilə müqəddəs bayrağımızı tərənnüm etmişlər.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 19 oktyabr Milli Məclisdə andiçmə mərasimində dediyi “Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır… Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar, mən əminəm ki, biz buna nail olacağıq!” sözləri və hərbçilərin fəxri keçidi ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı teatrlaşdırılmış kütləvi mərasim başa çatmışdır.