SİYASƏT
Bayrağımızın daim uca tutulması hər bir azərbaycanlının arzusudur
Ağdaş, 9 noyabr (AZƏRTAC). Ağdaş rayonunda Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər üçrəngli dövlət bayrağının hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı Sərəncama əsasən hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı günün kimi qeyd edilməsi, ölkəmizin paytaxtında möhtəşəm Dövlət Bayrağı Meydanının inşa edilməsi bayrağımıza olan böyük hörmət və ehtiramın nümunəsidir.
Tədbirdə Azərbaycan Respublikasının dövlət bayrağının yaranma tarixindən, qorunub saxlanılması və müdafiəsindən, əhəmiyyətindən, bütün dünyada dövlətimizin əsas atributu kimi rolundan, gənc nəslə çatdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Natiqlər bayrağımızın daim uca tutulmasını və bunun hər bir azərbaycanlının müqəddəs arzusu olduğunu deyilmişdir.
Sonda incəsənət ustalarının və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilmişdir.