“Bazarçay dərəsinin əsirləri” kitabının təqdimatı keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Bazarçay dərəsinin əsirləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi, hüquq müstəvisində” layihəsi çərçivəsində “Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi tərəfindən hazırlanıb.
Layihə rəhbəri, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib ki, kitab Qərbi Azərbaycanın Bazarçay adlı çay hövzəsində yerləşən 73 ədəd tarix və mədəniyyət abidəsinə qarşı törədilən erməni vandalizmindən bəhs edir.
Bir əsrdən çoxdur ki, Qərbi Zəngəzurda ermənilərin Azərbaycanın mədəni irs nümunələrini məhv etmələrini diqqətə çatdıran F.İsmayılov deyib: “Bazarçay dərəsinin ətraf əraziləri Oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulub. Cənubi Qafqazda tarixi kök və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridir. Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar və məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb. Bazarçay hövzəsində etnik təmizləməyə məruz qalan Gorus, Qafan, Mehri, Qarakilsə (Sisian) rayonlarının tarixi əhəmiyyətli yaşayış evləri, inzibati yaşayış məntəqələri, qəbiristanlıqlar, qəbirüstü abidələr, məscidlər, türbələr tamamilə məhv edilib, Alban dövrü kilsə və monastırlar isə formaları dəyişdirilərək yararsız hala salınıb. Bu, ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri mədəniyyətin soyqırımı faktı idi”.
Tədbirdə, həmçinin Qərbi Azərbaycan icmasının nümayəndələri və digər qonaqlar kitabla bağlı fikirlərini bölüşüblər.