Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-6-da İçərişəhərdə Şanlıurfanın zəngin tarixi və mədəni irsinin tanıdılması məqsədilə “Şanlıurfa Mədəniyyət Günləri” adlı ikigünlük tədbir keçiriləcək. Şanlıurfa ləhcə və dil xüsusiyyətlərinə görə Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində sentyabrın 5-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir iştirakçıları Şanlıurfanın zəngin tarixi, özünəməxsus mədəniyyəti, qədim musiqi ənənələri və zəngin mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
"Tədbirin keçirilməsi Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, xalqlarımızı birləşdirən ortaq tarixi və mədəni dəyərlərin təbliğinə, eləcə də qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verəcək", - deyə o bildirib.