Nazir müavini: Humanitar minatəmizləmə iqtisadi inkişaf üçün zəruri şərait yaradır
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə iqtisadi inkişafının təmin olunması prosesi paralel şəkildə həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi və ərazilərin minalardan təmizlənməsi yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və investisiyaların cəlb olunması üçün əsas şərtlərdən biri kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, humanitar mina fəaliyyəti Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin təşviqi istiqamətində BMT ilə sıx əməkdaşlıq edir.
Nazir müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev humanitar mina fəaliyyətinin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs daha təhlükəsiz, dayanıqlı və davamlı icmaların yaradılması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinə xidmət edir.
Anar Axundov bildirib ki, Böyük Qayıdış Proqramı işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, yenidənqurmanın və onların ölkə iqtisadiyyatına sürətli inteqrasiyasının təmin edilməsinə yönəlib.
Onun sözlərinə görə, bölgədə “Ağıllı kənd” və “Ağıllı şəhər” prinsipləri əsasında yaşayış məntəqələri salınır, müasir sosial infrastruktur yaradılır, nəqliyyat infrastrukturu inkişaf etdirilir. Sakinlərin doğma torpaqlarına qayıdışı artıq reallığa çevrilib.
Nazir müavini vurğulayıb ki, Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təhlükəsiz şəkildə istifadəyə qaytarılmış ərazilərin sənaye fəaliyyətinə və özəl investisiyalara çevrilməsinin konkret nümunələridir. Bu sənaye parklarında sahibkarlar üçün ilk mərhələdən etibarən zəruri infrastruktur yaradılır.
O əlavə edib ki, təhlükəsizliyin təmin olunması, infrastrukturun inkişafı və əlverişli investisiya mühitinin formalaşdırılması beynəlxalq investorların işğaldan azad edilmiş ərazilərə marağını artırır. Türkiyə, Özbəkistan, Litva, İsveçrə, Rusiya, Pakistan və Belarusdan olan investorlar müxtəlif sahələrdə layihələr həyata keçirir.