Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır
Bakı, 5 sentyabr, AZƏRTAC
Bu gün yeni musiqi ilə tanışlıq getdikcə daha çox sosial şəbəkələrdəki qısa fraqmentdən başlayır. “MIDiA Research” şirkətinin 10 mindən çox istehlakçı arasında apardığı araşdırma göstərir ki, dinləyicilərin 52 faizi son bir ay ərzində sosial şəbəkələrdə eşitdikdən sonra musiqiyə qulaq asmağa başlayıb. Lakin bir çoxları üçün əsərlə tanışlıq elə bununla da bitir – istifadəçi fraqmenti eşidir, amma həmişə musiqini dinləməyə davam etmir və ya ifaçının yaradıcılığı ilə tanış olmur.
Bunun fonunda musiqinin özünün qavranılması da dəyişir. Yeni kompozisiyaya maraq göstərmək üçün bir neçə saniyə kifayətdir, lakin əsəri bütövlükdə eşitmək və anlamaq üçün daha çox vaxt və diqqət tələb olunur.
Bunu AZƏRTAC-ın müxbirinə söhbətində sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşıyeva deyib.
Onun sözlərinə görə, əvvəllər musiqiyə qulaq asmaq müəyyən mənada hadisə idi: insanlar albomlar və ya kasetlər alır, radio verilişlərini gözləyir, konsertlərə gedir və musiqiyə ayrıca diqqət ayırırdılar. Bu, təkcə zövq mənbəyi deyil, həm də müzakirə və yeni əsərlərlə tanışlıq üçün bir fürsətə çevrilirdi.
“Bu gün musiqi həyatımızın demək olar ki, bütün anlarında, – yolda, iş zamanı, idmanla məşğul olarkən və sosial şəbəkələrdəki qısa videolar üçün fon kimi, – mövcuddur. Bir sözlə, hadisə gündəlik həyatın bir hissəsinə çevrilib”, – deyə A.Baxşıyeva qeyd edib.

Bununla yanaşı, ekspert hesab edir ki, müasir dəyişiklikləri yalnız mənfi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, bu gün musiqiyə çıxış imkanları əvvəlkindən xeyli genişdir. Əvvəllər klassik və ya estrada musiqisini çox vaxt yalnız konsert salonunda, radio və ya televiziyada eşitmək mümkün idisə, indi dünyanın istənilən yerində yaradılmış əsər demək olar ki, dərhal əlçatan olur.
“Bir tərəfdən, bu, böyük imkandır. Digər tərəfdən, belə bolluq bəzən dinləmənin özünü səthi prosesə çevirir”, – deyə musiqişünas bildirir.
O qeyd edib ki, fasiləsiz informasiya axını şəraitində insan getdikcə daha tez bir əsərdən digərinə keçir və onun daxili inkişafını dinləyib qavramağa macal tapmır.
“Musiqişünas kimi mənim üçün məhz bu xüsusiyyət daha maraqlıdır: biz artıq musiqiyə qulaq asmaqdan daha çox, onu “ötürüb keçirik”. Bir əsərdən digərinə çox sürətlə keçir və bəzən nə onun daxili dramaturgiyasını, nə inkişaf prosesini, hətta nə də pauzaları hiss edirik”, – deyə həmsöhbətimiz vurğulayıb.
Onun fikrincə, yaxşı musiqi həmişə ilk saniyələrdən özünü büruzə vermir – çox vaxt onun məzmunu məhz zaman keçdikcə daha aydın olur. Klassik əsərin, simfoniyanın, operanın, baletin və hətta yaxşı yazılmış mahnının mənası yalnız ən parlaq fraqmentdə deyil, həm də əsərin bütövlüyündədir.
“Düşünürəm ki, bu gün bizim əsas ehtiyacımız sadəcə musiqini eşitmək deyil, ona yenidən qulaq asmağı öyrənməkdir”, – deyə A.Baxşıyeva fikrini yekunlaşdırıb.
Müxbir – Lalə Minasazova