Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib
Balakən, 4 sentyabr, AZƏRTAC
Balakən rayon icra hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Tələbə adını qazanan məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva 2025-2026-cı tədris ilinin yekunları və əldə olunmuş uğurlar barədə məlumat verib. Bildirilib ki, 2026-cı ildə rayon tam orta ümumtəhsil məktəblərini 769 şagird bitirib, onlardan 320 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. XI sinifi bitirən iki məzun-Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olan Məhəmməd Padarov və Şamil Muqumov təhsildə qazandıqları uğurlara görə Elm və Təhsil Nazirliyi tərəfindən Qızıl nişana layiq görülüb.
Tədbirdə digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar.
Tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Balakən Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu