Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Türkiyə ŞƏT-i çoxqütblü dünya sisteminin ən mühüm tərkib hissələrindən biri hesab edir və buna görə də bu təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verir. Bununla yanaşı, Türkiyənin nöqteyi-nəzərindən ŞƏT Qərb təşkilatlarına alternativ deyil, müstəqil dəyərlər mərkəzidir.
Orta Dəhliz və Avrasiyadakı logistika marşrutlarını birləşdirən yeni təşəbbüslər nəzərə alındıqda, Türkiyənin ŞƏT-lə münasibətləri daha böyük əhəmiyyət kəsb edir. Çünki Çin və Qazaxıstan kimi ölkələr Orta Dəhliz kontekstində mühüm mövqeyə malikdir, Qırğızıstan və Özbəkistanın Çinlə birlikdə Avrasiyada həyata keçirdiyi dəmir yolu layihələri isə Orta Dəhlizə əlavə imkanlar yarada bilər. Bundan başqa, Türkiyə ilə yanaşı, ŞƏT-in dialoq üzrə tərəfdaşı olan Azərbaycan Ərəbistan yarımadası ilə logistika marşrutlarının kəsişməsi baxımından mühüm mövqe tutur. Bütün bu ölkələrin, hətta müxtəlif statuslarda olsalar belə, ŞƏT-in himayəsi altında bir araya gəlməsi Türkiyə üçün bu platformanın dəyərini daha da artırır.
Bunu AZƏRTAC-a şərhində Avrasiya və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Halit Gülşən deyib.
O, sözünə davam edərək bildirib ki, ŞƏT-ə üzv ölkələr təkcə Orta Dəhlizdə deyil, həm də yeni ticarət dəhlizlərinin yaradılması və Avrasiyada logistika infrastrukturunun inkişafında son dərəcə mühüm rol oynayırlar. Ekspert diqqətə çatdırıb ki, Çin, Rusiya, Belarus və Qazaxıstan Şimal Dəhlizində, Rusiya, İran və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində, Çin və Pakistan isə Çin-Pakistan İqtisadi Dəhlizində mühüm rol oynayır. İran isə öz növbəsində Xəzəryanı ölkələrin və Mərkəzi Asiya dövlətlərinin Körfəzə çıxışını təmin edir. Bu baxımdan, ŞƏT faktiki olaraq yeni ticarət yollarının yaradılması və onların bir-biri ilə birbaşa əlaqələndirilməsi üçün mühüm platformaya çevrilib.
“Avrasiyada logistika marşrutlarının əhəmiyyəti Bişkekdə keçirilən sammitdə də xüsusi vurğulanıb. Bunu sammitin yekunlarına əsasən qəbul edilmiş və üzv ölkələrin limanlarının, eləcə də logistika mərkəzlərinin inkişafına yönəlmiş 2026–2030-cu illər üçün Fəaliyyət Planının təsdiq edildiyi yekun bəyanatın qəbul olunması da göstərir. Beləliklə, gələcəkdə limanlar, dəmir yolları və quru logistika mərkəzləri arasındakı qarşılıqlı əlaqədən istifadəyə əsaslanan daha kompleks yanaşma formalaşa bilər. Hazırkı mərhələdə yaxın gələcəkdə ŞƏT çərçivəsində qarşılıqlı əlaqələndirmə məsələsinə daha çox diqqət yetiriləcəyi tamamilə mümkündür.
Bütün bu məqamları birlikdə qiymətləndirdikdə, Ankaranın, xüsusilə də Orta Dəhliz kontekstində ŞƏT-ə verdiyi əhəmiyyət daha aydın görünür. Çünki Türkiyə sadəcə tranzit ölkə deyil, yeni ticarət dəhlizlərini bir-biri ilə əlaqələndirən regional mərkəzə çevrilməyə çalışır”, – deyə H.Gülşən izah edib.
Onun fikrincə, Türkiyə Orta Dəhlizin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsi ilə daha çox uzlaşdırılmasını istəyir. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bişkekdə keçirilən sammitdə bu məsələyə xüsusi diqqət yetirib. Beləliklə, Türkiyə Orta Dəhlizi regiona rifah gətirəcək, onu Avrasiyanın digər logistika şəbəkələri ilə birləşdirəcək və regional sülhə töhfə verəcək yeni layihəyə çevirmək niyyətindədir”, – deyə agentliyin müsahibi fikrini yekunlaşdırıb.
Müəllif – Leyla Muradzadə