Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir
Qahirə, 4 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının ən böyük arpa idxalçısı olan “United Group” Rusiya-Ukrayna müharibəsinin Qara dəniz regionundan taxıl tədarükünə təsiri səbəbindən yeni təchizat mənbələri axtarır.
AZƏRTAC “Bloomberg Şərq” agentliyinə istinadla xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Əbdüləziz əl-Darab bildirib.
Baş icraçı direktor qeyd edib ki, “United Group” ilin ilk yarısında arpa idxalının təxminən 25 faizini Qara dəniz regionundan həyata keçirib. Hazırda şirkət Avropa İttifaqı ölkələri və Argentinadan daha çox məhsul almağa çalışır.
Müharibənin son aylarda genişlənməsi Rusiya və Ukraynadakı taxıl terminallarına ziyan vurub və bu ölkələrdən ixracın azalmasına səbəb olub. Nəticədə arpanın Səudiyyə Ərəbistanına çatdırılma qiyməti son iki ayda 25 faizədək artıb.
Əbdüləziz əl-Darabın sözlərinə görə, qiymət artımı heyvan yemlərinin və nəticədə ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. O qeyd edib ki, bu vəziyyət xüsusilə quşçuluq və qoyunçuluq təsərrüfatlarında istehsal xərclərini artıracaq.
Şirkətin sifariş etdiyi son gəmi təxminən iki həftə əvvəl Qara dəniz regionundan Səudiyyə Ərəbistanına çatıb. Hazırda arpa tədarükü əsasən alternativ mənbələr hesabına həyata keçirilir.
Vurğulanır ki, bu il “United Group”un arpa alışının təxminən 30 faizi Argentina tərəfindən təmin edilib. Ötən il bu göstərici 20 faiz olub. Şirkət Rumıniya, Bolqarıstan və Fransadan da arpa alır, həmçinin Avstraliya və Baltikyanı ölkələrdən tədarük imkanlarını nəzərdən keçirir.
40 ildən artıqdır fəaliyyət göstərən “United Group” hər il milyonlarla ton arpa idxal edir. Səudiyyə Ərəbistanı dünyada arpa idxal edən ikinci ən böyük ölkədir.