Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində
Tbilisi, 5 sentyabr, AZƏRTAC
XIX əsrdə Tbilisi bütün Qafqazın inzibati, siyasi və mədəni mərkəzi olmaqla yanaşı, Azərbaycan maarifçiliyinin və dramaturgiyasının da əsas beşiklərindən biri idi. Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı bu şəhərlə qırılmaz tellərlə bağlı olub. M.F.Axundzadə Tbilisidə yaşadığı illərdə 6 komediya yazaraq bünövrəsini qoyduğu milli dramaturgiya ilə Şərq teatr düşüncəsində inqilab edib.
Onun yaradıcılığı Gürcüstanda da böyük maraqla qarşılanıb, əsərləri müxtəlif dillərə tərcümə edilərək qəzet və jurnallarda dərc olunub.
Böyük ədibin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası da bu əsərlərdən biri olub.
Araşdırmaçı jurnalist Nəriman Əliyev AZƏRTAC-a müsahibəsində deyib ki, əsər ilk dəfə 1850-ci ildə Azərbaycan dilində qələmə alınıb. Bir il sonra -1851-ci ildə Tbilisidə dərc olunan “Kavkaz” (Qafqaz) qəzetində müəllifin öz tərcüməsində rus dilində çap olunub. Qəzetdə dərc olunan materialda da bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilib və müəllifin əsərin ideyasını böyük uğurla oxuculara çatdıra bildiyi vurğulanıb.
Tamaşa kimi əsər rus dilində ilk dəfə 1851-ci ildə Sankt-Peterburqda, 1852-ci ildə isə Tbilisi səhnəsində nümayiş etdirilib. Onun sözlərinə görə, Gürcüstan Milli Arxivində M.F.Axundzadənin ədəbi irsinə aid nadir sənədlər var. Ədibin əsərlərinin rus dilindəki orijinallarının və tərcümə nüsxələrinin saxlanılması böyük tarixi və ədəbi əhəmiyyət kəsb edir.
N.Əliyev deyir ki, M.F.Axundzadə komediyalarını Azərbaycan dilində qələmə aldıqdan sonra onları şəxsən rus dilinə tərcümə edir və Tbilisidəki mədəni mühitə, o cümlədən teatr səhnələrinə və dövrün mətbuat orqanlarına təqdim edirdi. Bu baxımdan Gürcüstan Milli Arxivində qorunub saxlanılan və rus dilindəki tam versiyası aşkar olunan əlyazmalar mədəniyyət tariximiz üçün son dərəcə qiymətli mənbədir. O deyib: “Bu cür arxiv tapıntıları bir neçə baxımdan mühüm əhəmiyyətə malikdir. Birincisi, M.F.Axundzadənin öz əsərlərini rus dilinə necə tərcümə etdiyini, işlətdiyi bədii ifadə vasitələrini və tərcümə üslubunu bilavasitə müəllifin öz qələmindən öyrənməyə şərait yaradır. İkincisi, dövrün çar senzurasının əsərə etdiyi qeydləri, dəyişiklikləri və səhnələşdirilmə üçün verilən rəsmi icazə sənədlərini izləməyə imkan verir. Üçüncüsü, XIX əsr Tbilisi ədəbi-mədəni mühitində Azərbaycan dramaturgiyasının tutduğu mövqeyi və bu əsərlərin Qafqaz miqyasında necə qarşılandığını bir daha sübut edir”.
Aşkar olunmuş bu tam versiya Axundzadə irsinin qaranlıq qalan məqamlarına işıq salmaqla yanaşı, Azərbaycan-gürcü ədəbi əlaqələrinin dərinliyini göstərən mühüm tarixi faktlardan biridir. N.Əliyevin sözlərinə görə, Gürcüstan Milli Arxivində Azərbaycan ədəbiyyatı, dramaturgiyası, eləcə də siyasi mühiti, ayrı-ayrı bölgələrinə aid çoxsaylı materiallar var.