BDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, xüsusi dərsdə Tarix fakültəsinin dosenti Xumar Səfərovanın mühazirəsi dinlənilib. O, xalqımızın azadlıq uğrunda mübarizəsini xronoloji ardıcıllıqla şərh edib, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqın müstəqillik arzusunun sönmədiyini bildirib.
Dosent qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasına gedən yol çətin və keşməkeşli olub. Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq sovet rejiminin təzyiqlərinə baxmayaraq, bu yolun təməlini qoyub və bugünkü müstəqil Azərbaycan Respublikasının formalaşması üçün möhkəm zəmin yaradıb.
Xumar Səfərova Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz fəaliyyətə toxunaraq deyib: “Bu gün biz xalq olaraq ən qürurlu tarixi mərhələni yaşayırıq. Ulu Öndərin möhkəm təməllərini yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün dünyada ən yüksək nüfuza malikdir”.
Tədbir fakültə tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.