BDU-da Qazaxıstanın “Turan” ansamblının mühazirə-konserti təşkil olunacaq
Bakı, 13 may, AZƏRTAC
Mayın 16-da Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi, türk mədəniyyəti və irsinin səfiri olan “Turan” ansamblının mühazirə-konserti keçiriləcək. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunacaq.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qazaxıstanın tanınmış “Turan” ansamblının çıxışları türk xalqlarının folklor sənəti, mədəniyyəti, musiqisi və ənənəvi musiqi alətlərinin təbliğinə yönəlib. Proqram çərçivəsində ansambl üzvləri yalnız musiqi əsərlərini ifa etməklə kifayətlənməyəcək, qrupun yaranma tarixi, milli geyimlərin xüsusiyyətləri, ənənəvi musiqi alətlərinin mənşəyi, onlarla bağlı rəvayətlər və hazırlanma incəlikləri barədə ətraflı məlumat verəcəklər. Hər bir əsər onun bədii və mənəvi məzmununu açıqlayan dolğun izahlarla müşayiət olunacaq, sənətçilərlə tamaşaçılar arasında canlı ünsiyyət qurulacaq. Bu format “Turan” ansamblının türk musiqi mədəniyyətinin inkişafı və məşhurlaşmasına verdiyi innovativ töhfə hesab olunur. Hazırda bu növ musiqili mühazirələr müxtəlif ölkələrdə tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanır.
Bu günə qədər ansambl tərəfindən 200-ə yaxın mühazirə-konsert təşkil olunub. Ansambl Türk dünyasının folklor musiqi sənətinin qorunması və inkişafına mühüm töhfə verir, gənclərdə ənənəviliyə maraq oyadır, milli kimlik hissini möhkəmləndirir və onların mənəvi zənginləşməsinə xidmət edir.