BDU-nun bir qrup kollektivi şəhid Manaf Bəhmənlinin ailəsini ziyarət edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının bir qrup kollektivi BDU-nun Mexanika-riyaziyyat fakültəsinin məzunu, şəhid Manaf Bəhmənlinin ailəsini və məzarını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ziyarətdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, universitetin Geologiya fakültəsinin dekan müavini, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü İlqar Quliyev, Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, fakültənin müəllim və tələbələri iştirak ediblər.
Çıxış edənlər Manaf Bəhmənlinin Vətən müharibəsi zamanı düşmənə qarşı fədakarlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldığını bildiriblər. Vurğulanıb ki, şəhid Manaf Bəhmənlinin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Azərbaycan Prezidentinin sərəncamları ilə Manaf Bəhmənli medallarla təltif olunub (ölümündən sonra).
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.