ELM VƏ TƏHSİL
BDU rektoru: Qalib ölkəmiz və xalqımız üçün bu tədris ili əlamətdardır
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində Bilik Günü münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev qalib ölkəmiz və xalqımız üçün bu tədris ilinin əlamətdar olduğunu, Qarabağda, Şərqi Zəngəzurda yeni məktəblərin açıldığını, Qarabağ Universitetinin fəaliyyətə başladığını bildirib.
Rektor 105 illik yubileyi qeyd olunan BDU-nun zəngin tarixi və ənənələri olduğunu diqqətə çatdırıb. 1919-cu ildə cəmi 2 fakültə ilə fəaliyyətə başlayan BDU-da hazırda 16 fakültə, onlarca mərkəz, laboratoriya, iki elmi-tədqiqat institutu, bir kollec, bir filial, bir lisey var. BDU Azərbaycanda nüfuzlu QS reytinq agentliyinin hesabatına əsasən, dünyanın ən yaxşı 1000 universiteti sıyahısına düşən yeganə universitetdir: “Gəlin bu ənənələri yaşadaq, daha da inkişaf etdirək. Ölkəmizin və BDU-nun şöhrətini ucalara qaldıraq. Unutmayın ki, siz Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu universitetin tələbələrisiniz. Bu adı şərəflə daşıyacağınıza əminəm”.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev çıxışlarında müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.
Sonra 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq (tədris ingilis dilində) ixtisasına 684.1 balla qəbul olunan Sevil Gülməliyeva, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə ən yüksək 56.5 balla qəbul olunan Ömər Əziz, Vətən müharibəsi şəhidi, gizir Mayis Səmədovun övladı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Məleykə Səmədova çıxış ediblər.