BDU “SABAH” Mərkəzi məişət zorakılığına dair məhkəmə simulyasiyası təşkil edib
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pro Bono” Hüquq Cəmiyyəti məişət zorakılığına həsr olunmuş “Kimdir günahkar?” adlı məhkəmə simulyasiyası təşkil edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun hüquqşünaslıq ixtisasının “SABAH” qrupları tələbələrinin iştirak etdikləri simulyasiyada əsas diqqətə çatdırılan məqam yetkinlik yaşına çatmayanların erkən nikaha məcbur edilməsi, bu zəmində yaranan psixoloji və hüquqi problemlər olub. Simulyasiyada yetkinlik yaşına çatmayan Zöhrənin (şərti ad) məcburi olaraq ərə verilməsi, ailəsindən, təhsilindən ayrılması, ailədə zorakılıqlara məruz qalması, cəmiyyətin bunu susqun və normal qarşılamasının ağır nəticələri nümayiş etdirilib. Əri Kamran (şərti ad) və onun anası tərəfindən zorakılığa məruz qalan Zöhrə övladını itirib.
Məhkəmə prosesinin gedişində bu faktlar araşdırılaraq, müxtəlif sübutlarla tədqiq edilib, şahidlər dindirilib. Sonda məhkəmə bunları nəzərə alaraq, ədalətli qərar qəbul edib.