BƏƏ-nin Azərbaycandakı səfirliyi “İnsan Qardaşlığı Sənədi” mövzusunda onlayn görüş keçirib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində “İnsan Qardaşlığı Sənədi” mövzusunda onlayn görüş keçirib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Mohammed AlBlooshi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, onun rəhbərliyi və xalqı tolerantlığın, harmoniyanın, hörmətin birliyini təmsil edir:
“Əmirliklər sülh və dini tolerantlıq ölkəsidir. Burada müxtəlif dinlərə və inanclara baxmayaraq, hər kəs bir-biri ilə dinc şəraitdə yaşayır. Gənc nəsil “İnsan Qardaşlığı Sənədi”nin müddəalarını bilməlidir”. 2019-cu il fevralın 4-də Əbu-Dabidə Əl-Əzhər Əl-Şərif Şeyxi Böyük İmam Dr. Əhməd Əl-Tayib və Katolik Kilsəsinin Papası Papa Fransisk arasında keçirilən tarixi görüşü xatırladan səfir BMT səviyyəsində 4 fevral gününün Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sənəd məhz həmin tarixdə imzalanıb.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova və tələbələri mövzuya dair ərəb dilində fikirlərini bölüşüb, şeir oxuyublar.