BƏƏ və Yaponiyanın neft şirkətləri quruda kəşfiyyat üzrə saziş imzalayıblar
Əbu-Dabi, 18 mart, AZƏRTAC
Əbu-Dabinin “ADNOC” və Yaponiyanın “INPEX” neft şirkətləri quruda yataqların kəşfinə dair saziş imzalayıblar.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, imzalanmış sənəd iki şirkət arasında tərəfdaşlıq əlaqələrini, həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə Yaponiyanın strateji əməkdaşlığını gücləndirəcək.
Sazişin şərtlərinə görə, “INPEX” neft şirkəti layihədə 100 faizlik paya sahib olacaq və kəşfiyyat mərhələsinə 176 milyon dollar sərmayə yatıracaq. Bu kəşfiyyat işləri Əbu-Dabidən Dubayın sərhədinədək 6116 kvadrat kilometr quru ərazini əhatə edəcək. Geoloji kəşfiyyat işlərinin aparılması və “INPEX”in kəşfiyyat işlərinin qiymətləndirilməsindən sonra neft sahəsində kommersiya fəaliyyətini işləyib hazırlamaq və həyata keçirmək mümkün olacaq. Konsessiya sazişi çərçivəsində “ADNOC” hasilat fazasında 60 faizlik paya malik olacaq.
Sözügedən saziş dövlət nasiri və “ADNOC” şirkətinin baş direktoru Sultan ben Əhməd Sultan Al Caber və “INPEX” korporasiyasının prezidenti və baş direktoru Takayuki Eued arasında 35 il müddətinə imzalanıb.
Qeyd olunur ki, “INPEX”in törəmə şirkəti “JODCO” vasitəsilə Əbu-Dabinin neft-qaz sektorunda iştirakı 1973-cü ildə “Umm-Şaif və Aşağı Zakum yataqlarının kəşfiyyatı və hasilatı işləri ilə başlanıb. Daha sonra “JODCO” dənizdə daha üç neft yataqlarının - 1977-ci ildə Yuxarı Zakum, 1978-ci ildə Ümm-əl-Dəlha, 1980-ci ildə Sattahın işlənməsinə qoşulub. “INPEX” 2015-ci ildə Əbu-Dabidəki sahil konsessiyasında iştirakdan 5 faizlik pay əldə edib. Bundan başqa, yapon şirkəti 2018-ci ildə yeni offşor konsessiyada 10 faizlik pay alıb və eyni zamanda, Sattahda özünün 40 faizlik hissəsini daha da genişləndirib. O, həmçinin Ümm-əl-Dəlhada öz payını 12 faizdən 40 faizə çatdırıb.
Tədqiqatlar göstərib ki, Əbu-Dabidəki kəşfiyyat bloklarında bir neçə milyard barrel neft və trilyon kubmetr təbii qaz ehtiyatları var. Yaponiyanın xam neft idxalının dörddəbiri də BƏƏ-nin payına düşür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi