DÜNYA
Belarusun paytaxtında Donbasda atəşkəs haqqında protokol imzalanıb
Danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bildiriblər ki, bu gün bir neçə bənddən ibarət protokol imzalanıb. Həmin bəndlərdən biri sentyabrın 5-də saat 18.00-dan (Bakı vaxtı ilə saat 20.00-dan) Ukraynanın şərqində atəşin dərhal dayandırılması haqqında şərtdir.
Qondarma “Luqansk Xalq Respublikasının” başçısı” İqor Plotnetski dəqiqləşdirib ki, atəş məhz Minsk vaxtı ilə saat 18.00-dan dayandırılmalıdır.
Qondarma “Donetsk Xalq Respublikası”nın qondarma “baş naziri” Aleksandr Zaxarçenko isə öz növbəsində, bildirib ki, danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bugünkü görüşü hələ başa çatdırmayıblar, sadəcə bu bəyanatı vermək üçün salondan çıxıblar. Hazırda əlaqə qrupu işini davam etdirir.
Xatırladırıq ki, Minskdə “Prezident-otel”in binasında Ukraynanın şərqində vəziyyətin nizama salınması üzrə üçtərəfli əlaqə qrupunun (Ukrayna-ATƏT-Rusiya) növbəti iclası keçirilir. Görüşdə Ukrayna tərəfini keçmiş prezident Leonid Kuçma, Rusiya Federasiyasını - Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov təmsil edirlər. İclasda həmçinin qondarma respublikaların nümayəndələri İqor Plotnitski və Aleksandr Zaxarçenko iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk