İDMAN
Belçika gimnastları “Bakı-2022”də üçüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
Bakı, 11 mart, AZƏRTAC
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qarışıq hərəkətdə beşinci olub.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizin çıxışı 28,670 xalla qiymətləndirilib.
Fəxri kürsünün ən yüksək pilləsində 29,110 xalla Belçika cütlüyü yer alıb. Böyük Britaniya komandası 29,030 xalla gümüş, almaniyalı gimnastlar isə 28,890 xalla bürünc medala sahib olublar.
Qeyd edək ki, bu, Belçika millisinin dünya çempionatında qazandığı üçüncü qızıl medaldır. Belə ki, belçikalı gimnastlar komanda hesabında və qadın qrupların qarışıq hərəkətində də birinci pillədə yer alıblar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.