SİYASƏT
Belqradda ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
Belqrad, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Serbiyanın paytaxtı Belqradda ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, bu ölkənin dövlət rəsmiləri, deputatları, müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, KİV-lərin təmsilçiləri və başqaları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoymuş və Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra iştirakçılar görkəmli serb yazıçısı Milorad Paviçin həmin parkdakı heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət etmişlər.
Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının işlənib hazırlanmasında Ulu Öndərin misilsiz xidmətləri olmuşdur. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda sabitliyin bərqərar edilməsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması, eləcə də Azərbaycan elminin inkişafı Ümummilli Liderin adı ilə bağlıdır.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad