Bərdədə kitabxana işi ilə bağlı regional seminar-treninq təşkil olunub
Bakı, 3 iyul, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar-treninqin açılışı və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının son 5 il ərzində nəşr etdiyi biblioqrafik və metodik vəsaitlərin, tövsiyələrin təqdimat sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması və kitabxanalarda yeni texnologiyaların tətbiqi məqsədilə təşkil olunub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev çıxış edərək belə tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyət daşıdığını, yerlərdəki mədəniyyət ocaqlarının və xüsusilə kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsində vacib rol oynayacağını diqqətə çatdırıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirin Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının və respublika əhəmiyyətli təşkilatların, idarə və müəssisə rəhbərlərinin yerlərdəki müəssisələrin işçiləri ilə, vətəndaşlarla tez-tez görüşmələrinin vacibliyi barədə ötən ilin son kollegiya iclasında nazir Əbülfəs Qarayevin mədəniyyət ocaqlarının rəhbərlərinin görkəmli adamlarla yerlərdə tədbirlər keçirilməsini vacibliyi barədə çağırışına əsasən keçirildiyini bildirib.
Kərim Tahirov seminar-treninqin də İxtisasartırma Mərkəzi ilə Milli Kitabxana arasında imzalanan müqaviləyə əsasən hər il yerlərdə region kitabxana işçiləri üçün təşkil edildiyini bildirib. Qeyd edib ki, seminarda təcrübəli müəllimlərin mövzu ilə bağlı mühazirələri dinləniləcək və təcrübi məşğələlər aparılacaq, habelə Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi çoxlu sayda biblioqrafik və metodik vəsaitlərinin təqdimatının da keçiriləcək və onlar kitabxana işçilərinə paylanılacaq.
Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Ramazan Şabanov tədbirin əhəmiyyətini qeyd edərək gələcəkdə bu işin davam etdiriləcəyini söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirdə iştirakından məmnunluğunu ifadə edib və yazarların əsərlərini təbliğ edən, oxucularla onlar arasında körpü yaradan kitabxanaçılar qarşısında çıxış etməyin xüsusi şərəf olduğunu söyləyib.
Sonra Rəşad Məcid və gənc yazıçı və şairlər Fərid Hüseyn və Cavid Zeynallı oxuculara kitablarını təqdim ediblər.
Tədbirin sonunda Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafik və metodik materiallar, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanaraq çap olunmuş fundamental biblioqrafiyalardan ibarət sərgi tədbir iştirakçılarına təqdim olunub.