SİYASƏT
BƏRDƏDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Bərdə, 5 iyun (AZƏRTAC). Bərdədə Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar zona müşavirəsi keçirilmişdir. Müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Tahir Rzayev, Sevindik Hətəmov, İlham Məmmədov, Zahid Oruc, partiyanın mərkəzi aparatının məsul işçisi Araz Xudadanov, YAP Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Ağcabədi, Goranboy, Yevlax rayon təşkilatlarının sədrləri, partiya fəalları iştirak etmişlər.
Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Müşavirədə bələdiyyə seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, YAP rayon təşkilatlarının sədrləri çıxış edərək, regionlarda gedən sosial-iqtisadi inkişafdan, bələdiyyələrin ötən dövr ərzindəki inkişaf yolundan və fəaliyyətindən danışmışlar.
Müşavirədə çıxış edən YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatları Tahir Rzayev, İlham Məmmədov və Zahid Oruc bələdiyyə seçkilərinə hazırlıq və qarşıda duran vəzifələrdən danışmış, tövsiyyələr vermişlər.