BƏRDƏDƏ ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Martın 7-də Kənd Təsərrüfatı Nazirliyi Bərdədə Ağdam, Ağcabədi, Tərtər, Laçın, İmişli, Xocavənd, Füzuli, Beyləqan və Bərdə rayonları icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, bələdiyyələrin, sahibkarların, fermerlərin, torpaq mülkiyyətçilərinin iştirakı ilə zona seminar-müşavirəsi keçirmişdir.
Müşavirədə Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından və onun icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Seminar-müşavirəni Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev açmışdır.
Sonra məruzə ilə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirmişdir ki, dövlət başçısının Sərəncamına əsasən kənd təsərrüfatı sahəsində çalışanların məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının, eləcə də gübrələrin dəyərinin yarısı dövlət tərəfindən ödəniləcəkdir. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılmışdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, ölkə Prezidenti İlham Əliyevin bu xətti qətiyyətlə davam etdirməsi, öz fəaliyyətində daim xalqa arxalanması Azərbaycanın zəngin dövlətə çevrilməsinə təminat verir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, apardığı iqtisadi siyasət kənd təsərrüfatının inkişafına da yeni imkanlar açır, bu sahəyə daim diqqət yetirildiyini göstərir.
Nazir müavini daha sonra demişdir ki, fermerlər, torpaq mülkiyyətçiləri üçün ayrılmış hər hektar torpaq sahəsi üçün veriləcək 66 manat vəsaitin 40 manatı yanacağın, 26 manatı isə gübrələrin alınmasına sərf ediləcəkdir. Bunun üçün rayonlarda xüsusi komissiyalar yaradılmışdır və həmin vəsaitlər plastik kartlarla ödəniləcəkdir.
Seminar-müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rəşid Cəfərovun, “Aqrolizinq” ASC sədrinin müavini Elçin Mirzəyevin məlumatları da dinlənilmişdir.
Rayon icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri ölkə Prezidentinin Sərəncamı ilə bağlı görülən işlər barədə məlumat vermişlər.