Berlində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir
Berlin, 19 yanvar (AZƏRTAC). 20 Yanvar şəhidlərinin xatirəsi anılması məqsədilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Berlində “Qara Yanvar - azadlığa aparan yollar” mövzusunda tədbir keçirilmişdir.
Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova 20 Yanvar hadisələri haqqında məlumat vermiş və həmin günü Azərbaycan xalqının həyatında və yaddaşında dönüş nöqtəsi kimi səciyyələndirmişdir.
Sonra ASN-in baş katibi Elşən İsmayılov çıxış edərək xalqımızın milli azadlıq hərəkatında mühüm yeri olan 20 Yanvar faciəsinin gənclər üçün tarixi əhəmiyyətindən və həmin günlə bağlı uşaqlıq xatirələrindən danışmışdır.
Sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.
Potsdam Universitetinin professoru, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü Vilfrid Furman “Qara Yanvar: azadlığa aparan yollar” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb siyasi proseslərdən, xüsusən də Qarabağ münaqişəsinin başlanması səbəblərindən danışmışdır. O, problemin sonrakı mərhələdə qanlı müharibəyə çevrilməsinin əsas səbəblərindən biri kimi həmin dövrdə sovet rəhbərliyinin yeni baş qaldırmış erməni millətçiliyinə qarşı qeyri-adekvat reaksiyası olduğunu bildirmişdir. Vilfrid Furman Azərbaycanda artıq siyasi təməllərinin sarsıldığını görən SSRİ rəhbərlərinin sovet hakimiyyətini saxlamaq üçün hətta hərbi vasitələrə əl atmalarını və Qanlı Yanvar faciəsini törətdiklərini ətraflı təsvir etmişdir. Alim Azərbaycanın şəhidlərinin xatirəsini uca tutaraq dünya ictimaiyyətinin bu haqda məlumatlandırılması istiqamətində mühüm addımlar atdığını bildirmişdir.
Məruzədən sonra professor Vilfrid Furmanın iştirakı ilə müzakirələr aparılmış, qonaqların sualları cavablandırılmışdır.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotolar nümayiş etdirilmiş, ehsan verilmişdir.
Mərasimdə Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycan və türk diasporlarının nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı və digər tələbələr, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin