Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması layihəsi çərçivəsində Biləsuvarda görüş keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
“Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi çərçivəsində Biləsuvar rayonunda gənclərlə görüş keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və ARGTMŞ-in təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçim prosesi ilə bağlı məlumatlandırma sessiyaları keçirilib. Layihənin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsidir. Layihədə həmin beş rayonda müxtəlif təbəqələrdən olan yeniyetmə və gənclərin - şagirdlərin, tələbələrin, gənc müəllimlərin, həkimlərin, məktəb və kolleclərdə çalışan şəxslərin, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələrinin, işsiz və əlilliyi olan gənclərin, məcburi köçkün ailələrinin övladlarının və s. müraciət etməsi nəzərdə tutulur. Müraciət edəcək gənclər arasından hər rayon üzrə 20 üzv seçiləcək.
Layihə çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm dialoqun qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi planlaşdırılır. Həmçinin yerli məşvərət şurasının üzvlərinin regionun ictimai həyatında fəal iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər istiqamətlərdə də addımların atılması nəzərdə tutulub.
Yanvarın 1-də start verilmiş “5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinə bu il dekabrın 31-də yekun vurulub. Yanvar-fevral aylarında gənclərin məşvərət şuralarına üzvlərin seçiminin aparılması planlaşdırılır. Növbəti iki ayda təlimlər keçiriləcək, may-iyunda isə sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsi təşkil olunacaq. Bundan sonra iyul-oktyabr aylarında layihənin icrası təmin ediləcək. Görülmüş işlərlə bağlı hesabat konfransının noyabr-dekabr aylarında təşkil edilməsi planlaşdırılır.