REGİONLAR
Beyləqanda “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə keçirilib
Beyləqan, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə “Qəhrəmanlıq zirvəsi” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aprel şəhidlərinin valideynlərinin, Qarabağ müharibəsi veteranlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin, mədəniyyət işçilərinin, Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvlərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Mehriban İsgəndərova və Azərbaycan Yazıçılıq Birliyinin Beyləqan bölməsinin sədri Asif Cəfərli çıxış edərək, 2016-cı ilin aprelində düşmən üzərindəki qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük zəfərlər qazanacağına əminliklərini bildiriblər.
Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin hazırladığı kompozisiya ilə davam etdirilib. Məktəblilər Vətənə, şəhidlərə həsr edilən şeirlər söyləyib, hərbi-vətənpərvərlik mahnıları oxuyub, səhnəciklər göstəriblər.