Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də “Regional İnkişaf” İctimai Birliyi, Sosial Xidmətlər Agentliyi və Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, xüsusi bacarıqlarının inkişafına dəstək verilməsi və potensiallarının üzə çıxarılması, eyni zamanda, əlil şəxslərə qarşı bərabərsizliyin, cəmiyyətdə olan stereotiplərin aradan qaldırılması məqsədilə təşkil edilib.
Tədbirin açılışında çıxış edənlər bu günün beynəlxalq səviyyədə qeyd olunmasının əhəmiyyətinə toxunub, əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bu istiqamətdə ictimai birliklərin üzərinə düşən vəzifələrdən, ölkədə inklüziv cəmiyyətin inkişafına yönəlmiş sosial layihələrdən danışıblar. Xüsusilə də əlilliyi olan uşaqlara bərabər imkanların yaradılmasının, onların istedad və bacarıqlarının inkişaf etdirilməsinin və davamlı dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonra “Ümid var” Yaradıcılıq Qrupunun və Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin uşaqlarının ifasında milli rəqs nümunələri və səhnəciklər nümayiş olunub, müxtəlif sahələrdə uğur qazanmış simaların uğur hekayələri dinlənilib.
Tədbir gülçülük, rəssamlıq, xalçaçılıq və digər sahələr üzrə master-klaslar, həmçinin şahmat müsabiqəsi ilə davam etdirilib, uşaqlara xoş əhval-ruhiyyə bəxş edən musiqili-əyləncəli proqramla başa çatıb.
Tədbirdə iştirak edən Kənan Firizadə bildirib ki, əlilliyi olan uşaqları, ilk növbədə, valideynlər, daha sonra böyüklər istiqamətləndirməlidir. “10 yaşımdan əlilliyim var. Bütün bunlara baxmayaraq, cəmiyyətdə öz yerimi tapa bilmişəm. Əlilliyi olan insanları heç bir halda təcrid etmək olmaz. Çünki onda fərd heç bir nailiyyət qazana bilməz. Gənc ailələr öz övladlarına diqqətli olmalıdır, çünki fiziki məhdudiyyətlərə baxmayaraq, onlar böyük şəxsiyyətlərə çevrilə bilərlər. Buna dünyanın bir sıra alimlərini, paralimpiyaçılarını misal gətirmək olar. Cəmiyyətimiz bu cür insanlara mütləq şəkildə dəstək olmalıdır”, - deyə o əlavə edib.
Bu cür tədbirlərin keçirilməsinin onlara çox müsbət təsir bağışladığını deyən Elvin Astanov isə bildirib: “Mən avtomobil qəzasından sonra əlil oldum. Bu vəziyyətdən sonra dostlarımın və yaxınlarımın məsləhəti ilə paralimpiyada özümü sınamağa qərar verdim. Yüngül atletika yarışlarında iştirak etmişəm. Uşaqların gələcəyi üçün biz də öz tövsiyələrimizi veririk. Uşaqların inkişafının, ruh yüksəkliyinin təmin olunması üçün bütün şərait yaradılır. Əlillik var deyə evdə oturub halımıza yanmamalıyıq, əksinə, cəmiyyətimiz üçün çalışmalı və faydalı işlər görməliyik”.